Kataloniya nəhəngi “Barselona”nın ciddi maliyyə böhranı davam edir və klubun borc öhdəliyində artım qeydə alınıb.
Arena.az “Mundo Deportivo”ya istinadən məlumat verir ki, oktyabrın 21-də Kataloniya təmsilçisi klub üzvlərinin assambleyasına rəsmi hesabatlar təqdim edəcək.
Bu hesabatlarda klubun oyunçulara görə olan borcunun 207 milyon avro olduğu qeyd edilib.
Klubun ötən il transferlərə ümumi sərmayəsi 163,9 milyon avro məbləğində olub və transferlərdən 14,6 milyon avro məbləğində kapital artımı əldə edilib. “Barsa” son illərdə icarəyə verilmiş oyunçular üçün hələ də təxminən 49 milyon avro məbləğində vəsait toplamalıdır. Məsələn, Trinkaonun icarəsi üçün Lissabon “Sportinq”i “Barselona”ya 13 milyon avro, Antuan Qrizmana görə isə Madrid “Atletiko”su 9 milyon avro borcludur.
“Barsa”nın klublara olan borcu 7% artaraq 207 milyon avroya çatıb. Borcun böyük hissəsi 2022-ci ildə müqavilə imzalanmış futbolçulardan yaranıb. Qısamüddətli borc 89,4 milyon avro, uzunmüddətli borc isə 118 milyon avro məbləğindədir.
Hesabatlarında “Barsa” Frenki de Yong müqabilində 16 milyon avro, eləcə də Nelson Semedo, Neto (Yasper Sillessenlə mübadilə), Jan-Kler Todibo, Emerson, Xunior Firpo və Miralem Pyaniç üçün digər kiçik məbləğlərdə borcu olduğunu göstərir. Bu futbolçuların hamısı Xosep Mariya Bartomeunun rəhbərliyi altında alınıb.
Joan Laportanın rəhbərliyi altında alınmış Rafinyaya görə “blauqrana”nın “Lids Yunayted”ə hələ də 62 milyon avro borcu var. Ferran Torresin transferindən isə kataloniyalıların “Mançester Siti”yə 39 milyon avro borcu qalır. Robert Levandovski üçün “Barselona” “Bayern”ə 31 milyon avro ödəməlidir. Üstəlik, “Barsa” Jül Kundeyə görə “Sevilya”ya 36 milyon avro borcludur.
Bundan əlavə, 2022/2023 mövsümündə oyunçuların agentlərinə ödənişlər artaraq 11,6 milyon avroya çatıb ki, bu da klubun bir il əvvəlki xərclərindən təxminən dörd dəfə çoxdur.


