“Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Premyer Liqasının 36-cı turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, rusiyalı mütəxəssis 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Maraqlı oyun oldu. İki qırmızı vərəqə qeydə alındı. Hər iki komanda aqressiv təsir bağışladı, çoxlu qol epizodları gördük. Yaxşı ki, qalib gəldik. Kubok oyunundan öncə bu qələbə bizə özgüvən verəcək”.
Berezutski final matçı öncəsi onu narahat edən hansısa bir məqamın olmadığını bildirib:
“Biz işləyirik. Bu gün az oynayanlara daha çox şans verdik ki, oyun ritmini tutsunlar. Çox oyun keçirənlərə istirahət verdik. Sakit şəkildə finala hazırlaşırıq”.
Vasili Berezutski bir neçə gün öncə keçmiş klubu Moskva ÇSKA-sının yubiley matçında iştirak edib. O, keçmiş komanda yoldaşları Azərbaycan Kubokunun final matçına dəvət etdiyini vurğulayıb:
“Kimi gördümsə, hamını finala dəvət etdim. Gəlmələri çətin görünsə də, demişəm. Təbii ki, onlarla final görüşünü də müzakirə etmişik. Oyuna mütləq baxacaqlar. Amma harada baxacaqlarını bilmirəm”, deyə Berezutski bildirib.
“Bizə yaraşmayan mövsüm oldu” – Samir Abasov
“Neftçi”nin baş məşqçisi Samir Abasov isə mövsümün son oyunundakı məğlubiyyətə belə şərh verib:
“Azarkeşin qarşısında rahat danışmaq üçün nəticəni, oyunumuzu düzəltməliyik ki, sonra ətrafda baş verən proseslərə köklənək. Bizə yaraşmayan mövsüm oldu. Faciəyə yaxın bir şey oldu. Hakimliyi, digər bu kimi məqamları müzakirəyə çıxara bilmərik. Çünki dilimiz qısadır.
İşlədiyimiz klub bizim istəklərimizi üstələyir. Azarkeşin istədiyi şeylər var. Biz avrokuboklarda oynamalıyıq. Həmçinin avrokuboklarda oynaya-oynaya qalan işlərimizi də düzgün görməliyik. Bir neçə il avrokuboka getməməklə hər şeyin yaxşı olacağına ümid bəsləmək də düz deyil.
Biz seleksiya işlərinə çoxdan start vermişik. Bu barədə ətraflı məlumat verməyə ehtiyac olmasa da, fikrimcə, yaxşı yol seçmişik. Seçimlərdə çalışırıq ki, diqqətli olaq. Buna çox güc sərf edirik. Baxdığımız, danışdığımız oyunçular var. O işə daha çox köklənmişəm. Son illərdə seleksiya ilə bağlı problemlər yaşamışıq, bunu aradan qaldırmağa çalışacağıq. Çox çətin period bizi gözləyir. Amma açıqlanmasa da, bu vaxta kimi gördüyümüz işləri də müsbət qiymətləndirirəm. Təki nəticəsi olsun. Hansı mövqeləri gücləndirmək istədiyimizi burada açıqlamayacağam. Transferlər olanda, görəcəksiniz”.


