Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Bornmut” baş məşqçisi Andoni İraola ilə müqavilənin müddətini uzadıb.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
41 yaşlı ispaniyalı mütəxəssis daha 1 il bu komandanı çalışdıracaq. Yenilənmiş müqavilə 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
“Yeni müqavilə imzaladığım üçün çox şadam. Mənim üçün bu, qarşılıqlı etimad məsələsidir. Premyer Liqadakı ilk ilimiz bizim üçün yaxşı təcrübə oldu və mən çox şadam ki, hər iki tərəf birgə işi davam etdirmək istəyib. Biz təkmilləşməyə davam etməliyik, çünki Premyer Liqanın səviyyəsi həqiqətən yüksəkdir”, – klubun rəsmi saytı İraoladan sitat gətirir.
Xatırladaq ki, Andoni İraola 2023-cü ilin iyul ayından “Bornmut”a rəhbərlik edir. 41 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 43 oyuna çıxarıb. İngiltərə klubu bu görüşlərdə 17 qələbəni bayram edib, 9 heç-heçə ilə kifayətlənib, 17 məğlubiyyətə üzülüb.
İraolanın rəhbərlik etdiyi komanda hazırda İngiltərə Premyer Liqasında 48 xalla 11-ci yerdə qərarlaşıb. “Bornmut” 2023/2024 mövsümünün sonuncu turunda səfərdə “Çelsi” ilə üz-üzə gələcək.
İraola daha öncə “Rayo Valyekano”, “Mirandes” və “Lamaka” kimi klublarda da baş məşqçi kimi çalışıb.



