Cordan Henderson yenə də fitə basıldı

Futbol üzrə İngiltərə yığmasının yarımmüdafiəçisi Cordan Henderson ingilis azarkeşlər tərəfindən növbəti dəfə fitə basılıb.

Arena.az xəbər verir ki, İngiltərə yığması ötən gecə AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində doğma meydanda İtaliya millisi ilə üz-üzə gəlib.

“C” qrupunun 8-ci turunun oyununda ingilislər 3:1 hesablı qələbə sayəsində Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıblar. Amma Henderson meydana çıxanda İngiltərə yığmasının azarkeşləri onu yenə fitə basıblar.

Bundan əvvəl, oktyabrın 13-də Avstraliya yığması ilə yoldaşlıq oyununda da (1:0) azarkeşlər 33 yaşlı futbolçunu fitə basmışdılar.

Futbolçuya qarşı nifrətin səbəbi, Hendersonun Səudiyyə Ərəbistanı Peşəkar Liqasına keçmək üçün Premyer Liqanı tərk edib Stiven Cerrardın çalışdırdığı “Əl-İttifaq”a qoşulmasıdır. O, bu ilin iyul ayında “Liverpul”dan sözügedən kluba keçib.

Henderson 2011-ci ildən “Liverpul”da çıxış edirdi. İngilis yarımmüdafiəçi buna qədər “Sanderlend”də çıxış edib, qısa müddət “Koventri”də icarədə olub. Hendersonun futbolçu karyerasının əsas hissəsi məhz “Liverpul”un adı ilə bağlıdır. Bu müddət ərzində Henderson “Liverpul”la 8 kubok qazanıb. Maraqlıdır ki, o, bu qənimətlərdən 7-ni məhz komandanın kapitanı olaraq əldə edib. Bunlara İngiltərə Premyer Liqası (2019/2020), İngiltərə Kuboku (2021/2022), İngiltərə Futbol Liqası Kuboku (2011/2012, 2021/2022), İngiltərə Super Kuboku (2022), UEFA Çempionlar Liqası (2018/2019), UEFA Super Kuboku (2019), FIFA Klub Dünya Kuboku (2019) daxildir.

Bundan başqa, Henderson İngiltərə Kubokunun (2011/2012), İngiltərə Futbol Liqası Kubokunun (2015/2016), Çempionlar Liqasının (2017/2018, 2021/2022), Avropa Liqasının (2015/2016) finalçısı olub.

Henderson “qırmızılar”ın heyətində ümumilikdə 492 oyuna çıxıb, 33 qol vurub, 61 məhsuldar ötürmə verib.

İngiltərə yığması ilə Henderson Avropa çempionatının (2020) gümüş, UEFA Millətlər Liqasının (2018/2019) bürünc mükafatçısı olub. Henderson İngiltərə yığmasının heyətində 2010-cu ildə Fabio Kapellonun rəhbərliyi altında dübüt edib və bu müddətdə 79 oyuna çıxıb, 3 qol vurub.

Cordan Henderson 2021-ci ildə “Britaniya İmperiyası” ordeni ilə təltif edilib.