“Bayern” Almaniya Kubokunu da qazandı – 21-ci dəfə!

Futbol üzrə Almaniya Bundesliqasında 2025/2026-cı illər mövsümünün çempionu adına yiyələnmiş “Bayern” ölkə kubokunu da qazanıb.

Arena.az xəbər verir ki, Münhen təmsilçisi bu gün Almaniya Kubokunun finalında “Ştutqart”la üz-üzə gəlib.

Berlindəki “Olimpiya” stadionunda baş tutmuş görüşdə münhenlilər darmadağınla qalib gəliblər. Oyundakı hər üç qolu İngiltərə millisinin də üzvü olan Harri Keyn vurub. 55-ci və 80-ci dəqiqələrdə fərqlənmiş forvard 90+2-ci dəqiqədə də penaltidən dəqiq yararlanıb.

Beləliklə, “Bayern” 2020-ci ildən sonra ilk dəfə Almaniya Kubokunu qazanıb və “qızıl dubl”a imza atıb. Münhen klubu tarixində 21-ci dəfə bu titulun sahibi olub ki, bu da Almaniyada ən yaxşı göstəricidir. Qələbə sayına görə ikinci yerdə 6 kubokla “Verder” qərarlaşıb.

Münhen təmsilçisinin qapıçısı Manuel Noyer yeddinci dəfə Almaniya Kubokunu qazanıb.

Xatırladaq ki, ötən mövsüm “Ştutqart” Almaniya Kubokunu qazanmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: