Cud Bellingem 2023-cü ildə dünyanın ən yaxşı gənc oyunçusudur

İngiltərə yığmasının və “Real”ın mərkəz yarımmüdafiəçisi Cud Bellingem 2023-cü ildə dünyanın ən yaxşı gənc oyunçusu seçilib.

Arena.az məlumat verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü il “Dünyanın ən yaxşı gənc oyunçusu” mükafatının qalibini elan edib.

IFFHS U-20 sinfi üzrə 2023-cü ildə “Dünyanın ən yaxşı gənc oyunçusu” (Men’s World Best Youth (U-20) Player 2023) mükafatına məhz Madrid təmsilçisinin ingilis yarımmüdafiəçisi Cud Bellingemi layiq görüb.

Vurğulayaq ki, Bellingem ötən il, 2022-ci il üçün də müvafiq mükafatın qalibi olmuşdu.

Səsvermə zamanı Bellingem rəqiblərini böyük üstünlüklə (276 xal) geridə qoyaraq mükafatın sahibi olub. Almaniya yığmasının və “Bayern”in hücumameylli yarımmüdafiəçisi Camal Musiala 120 xal toplayıb və 2-ci olub. İlk üçlüyü İspaniya yığmasının və “Barselona”nın 82 xal toplamış mərkəz yarımmüdafiəçisi Qavi qapayır.

Əslində, Bellingemin qalib olacağı şübhə doğurmurdu. Gənc yaşına rəğmən Cud əvvəllər çıxış etdiyi “Borussiya Dortmund”un və hazırkı komandası “Real”ın, eləcə də İngiltərə yığmasının aparıcı oyunçusu, lideri olmağı bacarıb.

Bellingem “Real”a cari ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Üstəlik almanlar 30% bonus məbləğini əlavə qazanc olaraq əldə edə bilərlər.

Bellingem İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.

Cari mövsümdə Bellingem “Kral Klubu”nun heyətində bütün yarışlarda 21 oyuna çıxıb, 17 qol vurub, 5 məhsuldar ötürmə verib.

Cud Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 27 oyun keçirib, 2 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 20 yaşlı ingilis mərkəz yarımmüdafiəçisi Cud Bellingemin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: