“Barselona”nın yeni idman direktoru, portuqal mütəxəssis Deku bildirib ki, Xavidən UEFA Çempionlar Liqasını qazanmaq tələb edilmir.
Arena.az “Mundo Deportivo”ya istinadən məlumat verir ki, Kataloniya klubunun Xaviyə daha böyük tələbi var və klubun məqsədi yeni, güclü komanda formalaşdırmaqdır:
“Komanda yaratmaq üçün bizə vaxt və sakitlik lazımdır və Xavi bunu bizə verir. Həmişə Xavinin əla məşqçi olacağını hesab edirdim. Çox şadam ki, qeyri-müəyyən bir vaxtda Xavi kluba gəldi. İndi vəziyyət tamam başqadır, rəqabətəqadir heyətimiz var.
Onunla komanda yoldaşları idik. O, məşq prosesi haqqında hər şeyi bilir, mən idarəetmə haqqında hər şeyi bilirəm. Biz futbol haqqında danışırıqsa, bir-birimizi başa düşürük. O, yeni müqaviləyə layiqdir. Bu, klub adamıdır. O, müqaviləni yeniləməlidir, çünki buna layiqdir. Narahat olmayın, Xavi müqaviləsini uzatdıqda, siz hər şeyi biləcəksiniz. Biz xoşbəxtik”, deyə Deku klubun Xavi haqda mövqeyini açıqlayıb.
Çempionlar Liqası haqqında tələblərə gəlincə, Deku Xavinin üzərinə belə bir mükəlləfiyyət qoyulmadığını bildirib. O əlavə edib ki, klubun əsas məqsədi mübarizə apara biləcək komanda ərsəyə gətirməyə yönəlib:
“Xavi özünün hansı təzyiq altında olduğunu bilir. Onu (Çempionlar Liqasını – redaktorun qeydi) qazanmaq mükəlləfiyyəti yoxdur, amma mübarizə aparmaq məcburiyyəti var. Biz mübarizə üçün vasitələri təmin etməliyik.
Biz həmişə Çempionlar Liqasını qazanmaq istəyəcəyik. Ancaq müqaviləyə Çempionlar Liqasını qazanmaq öhdəliyini tələb edən maddə daxil etməyəcəyik”, deyə klubun idman direktoru bildirib.
Xatırladaq ki, Xavi “Barselona”nı 2021-ci ilin noyabrından çalışdırır. Gənc mütəxəssis bu vəzifəyə təcrübəli holland çalışdırıcı Ronald Kumanın yerinə gətirilib.
Bu müddətdə Xavi “Barselona”nı dirçəldərək rəqabətəqadir kollektiv təşkil edə bilib və geridə qalmış 2022/2023 mövsümündə İspaniya La Liqasını və həlledici oyunda kataloniyalıların əzəli rəqibi “Real”ı 3:1 hesabı ilə məğlub edərək, İspaniya Super Kubokunu qazanıb.


