Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı davam edir. Arena.az xəbər verir ki, mundialın ikinci gününün gündüz seansında Azərbaycan millisinin bir üzvü mübarizəyə qoşulub.
Boksçumuz Malik Həsənov 1/32 final mərhələsi çərçivəsində Xuan Reyes Donislə (Qvatemala) üz-üzə gəlib. 63,5 kq çəki dərəcəsində baş tutan görüş təmsilçimizin 5:0 (30:26, 30:26, 30:25, 30:26, 30:26) qələbəsi ilə yekunlaşıb.
Həsənov 1/16 finalda ilk görüşdən azad olan Ovannes Baçkovla (Ermənistan) qarşılaşacaq. Döyüş oktyabrın 30-da olacaq.
Qeyd edək ki, bu gün axşam seansında boksçularımızdan Məsud Yusifzadə (51 kq) Enxmandağ Xarxuu (Monqolustan) ilə, Rauf Rəhimov (92 kq) Luis Uilliamsla (İngiltərə) döyüşəcək.
Bu dünya çempionatı ilk dəfə 13 çəki dərəcəsində təşkil olunub. Mundialda 105 ölkədən 650 idmançı iştirak edir. 2 600 000 ABŞ dolları mükafat fondu olan yarışda çempion olacaq boksçular 100 000 dollar qazanacaq. İkinci yerin sahibi 50 000 dollar, üçüncü pilləni tutacaq boksçu 25 000 dollar mükafat alacaq.


