Edmond Tapsoba “Bayer”lə yeni müqaviləyə imza atdı

Futbol üzrə Burkina Faso millisinin mərkəz müdafiəçisi Edmond Tapsoba Almaniyanın “Bayer” klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Leverkuzen klubunun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı yeni müqavilənin müddəti 2031-ci ilin yayına kimi nəzərdə tutulub. Əvvəlki sözləşmənin müddəti 2028-ci ilin 30 iyununda bitəcəkdi.

Xatırladaq ki, Edmond Tapsoba 2020-ci ilin yanvar ayından Leverkuzen təmsilçisinin uğurları üçün çalışır. “Bayer” onu həmin vaxt Portuqaliyanın “Vitoriya” (Gimaraynş) klubundan 20,2 milyon avroya transfer etmişdi. Tapsoba indiyə qədər “Bayer”də 267 oyuna çıxıb, 13 qol və 8 məhsuldar ötürmə müəllifi olub.

Tapsoba daha öncə “Salitas”, “Uaqaduqu”, “Leyksoeş”, “Vitoriya” kimi klubların da şərəfini qoruyub.

Edmond 2016-cı ilin avqustunda debüt etdiyi Burkina Faso yığmasının heyətində 60 oyuna çıxıb, 4 qola imza atıb, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: