Əşrəf Hakimi “Bayern”lə cavab matçını buraxa bilər

PSJ-nin müdafiəçisi Əşrəf Hakimi UEFA Çempionlar Liqasının yarımfinalında “Bayern”ə qarşı keçirəcəkləri cavab oyununu buraxa bilər.

Arena.az xəbər verir ki, Almaniya nəhəngi ilə doğma meydanda baş tutmuş ilk oyunda (5:4) zədə almış futbolçu ilkin tibbi müayinədən keçib.

Müayinənin nəticələri oyunçudakı problemin sadəcə əzələ qıcolmaları olması ilə bağlı ilkin versiyanı təkzib edir. Bu səbəbdən mərakeşli futbolçu tezliklə daha ətraflı tibbi testlərə cəlb olunacaq. Əgər futbolçuda ciddi problem aşkarlanarsa, onun mövqeyində müvəqqəti olaraq yarımmüdafiəçi Uorren Zair-Emeri çıxış edəcək.

Xatırladaq ki, PSJ və “Bayern” arasında Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşması mayın 6-da Münhendə baş tutacaq. Bu cütün qalibi finalda “Atletiko” – “Arsenal” cütünün qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Əşrəf Hakimi Madrid “Real”ının yetirməsidir. İspaniya nəhəngi bir müddət Dortmund “Borussiya”sında (Almaniya) icarədə də olmuş müdafiəçini 2020-ci ildə 43 milyon avroya Milan “İnter”inə satıb. PSJ isə Əşrəfi 2021-ci ilin yayında 68 milyon avro müqabilində heyətinə qatıb. 27 yaşlı futbolçunun Paris klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Hakimi indiyə qədər Fransa nəhənginin heyətində 206 oyuna çıxıb, 28 qol və 44 məhsuldar ötürmə müəllifi olub.

2016-cı ildə Mərakeş yığmasında debüt etmiş Hakimi millinin heyətində 95 oyun keçirib, 11 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: