Futzal üzrə Azərbaycan millisinin hücumçusu Felipinyo DÇ-2024-ün əsas mərhələsi çərçivəsində Yunanıstana qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, əslən Braziliyadan olan futbolçu 5:2 hesabıyla qalib gəldikləri matçda bir qola imza atıb.
O, daha bir epizodda da rəqibi səhvə yol verməsinə, komanda yoldaşının fərqlənməsinə də şərait yaradıb. Milli üzvü matçdan sonra Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Oyunun bizim üçün çətin keçəcəyini gözləyirdik. Onların heç bir şansı qalmadığına görə, meydana rahat çıxmışdılar, üzərlərində hansısa təzyiq yox idi. Nəticədə bir müddət hücum qurmaqda çətinlik çəkdik. Amma tədricən üstünlüyümüzü yaratdıq və oyunun idarəsini əlimizə keçirdik. Düzdür, imkanlarımızdan tam istifadə, epizodları realizə edə bilmədik. İstənilən halda, qələbə qazanmağı bacardıq, vacib olan tapşırığın öhdəsindən gəldik”.
Hücumçu martın 7-də Polşa ilə keçiriləcək oyun haqda da fikirlərini bildirib: “Polşa ilə qarşılaşma çətin keçəcək. Əvvəla, bu rəqibimiz gücünə, keyfiyyətinə görə seçilir. Onlar fiziki planda da fərqlənirlər. Ancaq sürətli oyunumuzu davam etdirməli, Bakıda olduğu kimi, səfərdə də meydanı qalib tərk etməliyik”.
Felipinyo elit-raunda vəsiqənin qazanılmasının komandanın oyununa heç bir təsir etməyəcəyini də vurğulayıb: “Əvvəldən komandanın qarşısına yalnız elit-raunda yüksəlmək deyil, qrupu birinci pillədə başa vurmaq tapşırığı qoyulub. Biz də yola bu məqsədlə çıxmışıq. Bu mərhələnin final matçını major notlarla bitirmək istəyirik. Nə heç-heçə, nə də minimalhesablı yenilgi haqda düşünürük. Polşaya qələbə üçün gedirik”.


