“Bayern”in hücumçusu Harri Keyn 2017-ci ildə İngiltərə yığmasının tərkibində dəniz piyadaları ilə məşqdə iştirakından danışıb.
Arena.az “Daily Mail”ə istinadən Keynin bu xüsusda xatirəsini diqqətinizə çatdırır:
“Biz səfərə yollandıq, burada öz çadırlarımızı qurmağı öyrəndik və dəniz piyadalarının ərzaq paylarından özümüzlə götürdük. Sübh çağı yuxudan oyanıb bütün əşyalarımızı kürəyimizə şəlləyib yola düşdük. Sonra biz maneələr zolağını keçdik. Baxmayaraq ki, məncə, onlar daha çətin hissələrdən bəzilərini yan ötdülər, bu, əyləncəli idi. Biz dəniz piyadalarını izləməli olduq. Hər dəfə onlar “uzan” deyə qışqıranda biz palçıqdan, daş-qayadan keçməli, sonra isə qoyun peyini ilə dolu tunnellə sürünməli olurduq.
Hamımız büsbütün islanmışdıq, hər tərəf qum və palçıq içində idi və biz maşına minib düşərgəyə qayıdacağımızı düşünürdük ki, onlar bizə piyada geri dönəcəyimizi bildirdilər – daha bir saat yol. Bu, yəqin ki, ən çətini idi. Sonra dayandığımız yerə qayıtdıq. Mən xoş qaynar duşu səbirsizliklə gözləyirdim, ancaq ondan çox az su damırdı”, deyə Keyn dəniz piyadaları ilə keçirdiyi sərgüzəştləri xatırlayıb.
Xatırladaq ki, Keyn “Bayern”ə cari ilin yay transfer pəncərəsində “Tottenhem”dən keçib. Onun Almaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn “Bayern”in heyətində 4 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə verib.
Harri Keyn hazırda kapitanı olduğu və 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 85 oyun keçirib, 58 qol vurub, 19 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 30 yaşlı Keyni 90 milyon avro məbləğində qiymətləndirir.


