Harri Keyn “Tottenhem”in liderliyinə münasibətini bildirdi

“Bayern”in ingilis mərkəz ücumçusu Harri Keyn keçmiş komandası “Tottenhem”in cari mövsümdəki çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Arena.az “Fotmob” dərgisinə istinadən Keynin bu xüsusda fikirlrini diqqətinizə çatdırır:

“Bütün karyeram boyunca mən “Tottenhem” azarkeşi olduğumu başa düşməyə açıq şəkildə imkan vermişəm. Klubun uğur qazanmasını istəyirəm. Hazırda “mahmızlar”ın işlərinin yaxşı getdiyini görmək xoşdur. Məşqçi əla oyun qurub.

Mən həmişə İngiltərə Premyer Liqasını və “Tottenhem”i izləyəcəyəm. İngiltərədə qalib olmasını arzuladığın başqa komanda yoxdur”, deyə Keyn sevimli klubuna uğurlar diləyib.

Hazırda “Tottenhem” 8 turdan sonra 20 xalla Premyer Liqanın turnir cədvəlində liderdir.

Vurğulayaq ki, “mahmızlar”ı yunanəsilli avstarliyalı mütəxəssis Angelos Postekoqlu çalışdırır.

Xatırladaq ki, Keyn “Bayern”ə cari ilin yay transfer pəncərəsində 100 milyon avro qarşılığında “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn Münhen təmsilçisinin heyətində 10 oyuna çıxıb, 9 qol vurub, 5 məhsuldar ötürmə verib.

Harri Keyn hazırda kapitanı olduğu, 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 86 oyun keçirib, 59 qol vurub, 19 məhsuldar ötürmə verib.

Maraqlıdır ki, Keyn karyerası ərzində bir kubok belə, qazanmayıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı Keyni 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: