İlkay Gündoğan Hansi Flikə minnətdarlığını bildirdi

“Barselona”nın türkəsilli yarımmüdafiəçisi İlkay Gündoğan Almaniya yığmasının sabiq baş məşqçisi Hansi Flikə təşəkkür ünvanlayıb.

Arena.az xəbər verir ki, “bundestim”in baş məşqçisi vəzifəsindən rəsmən istefaya göndərilmiş Hans-Diter Flikə İlkay Gündoğan özünün sosial şəbəkə hesabı üzərindən minnətdarlıq ünvanlayıb:

“Birlikdə keçirdiyimiz vaxta, qarşılıqlı dəyərləndirməyə və əməkdaşlığa görə təşəkkür edirəm, Hansi. Sən əla insan və məşqçisən. Təəssüf ki, bir komanda olaraq bizə olan böyük etimadınızı ödəyə bilmirik! Komanda olaraq biz daha güclü olmaq və 2024-cü ildə ev Avropa Çempionatında, o cümlədən həm də sizin üçün uğurla çıxış etmək üçün öyrənməyə cəhdə davam edəcəyik! Mənə sənə gələcək üçün ən yaxşısını arzulayıram!” – Gündoğan səmimiyyətini ifadə edib.

Xatırladaq ki, Flik baş məşqçi kimi Gündoğana çox-çox güvənir və etimad edirdi. “Bundestim”in son təlim-məşq toplanışında yarımmüdafiəçi Almaniya yığmasının kapitanı idi.

Sentyabrın 9-da “bundestim” Yaponiya yığması ilə yoldaşlıq oyununda böyükhesablı biabırçı məğlubiyyətlə üzləşib – 1:4. Flikin rəhbərliyi altında Almaniya yığması son 17 oyunda cəmi 4 qələbə qazana bilib. Qətərdə keçirilmiş Dünya Kubokunda isə qrup mərhələsini adlaya bilməyib. Həmin dünya çempionatında da Almaniya yığması yaponlara 1:2 hesabı ilə məğlub olmuşdu.

Uğursuzluqları müqabilində Almaniya Futbol İttifaqı (DFB) Hans-Diter Fliki istefaya göndərib və “bundestim”i çalışdırmağı müvəqqəti olaraq komandanın idman direktoru Rudi Föllerə etibar edib.
Föller sentyabrın 12-də Almaniya yığmasını AÇ-2024-ə hazırlıq çərçivəsində növbəti oyununa – Fransa yığmasına qarşı sınağa çıxaracaq.