Geridə qalan mövsümü Azərbaycan Kubokunun qalibi kimi başa vuran “Qəbələ”də İsnik Alimi əyalət təmsilçisindən ayrılıb.
Arena.az xəbər verir ki, albaniyalı mərkəz yarımmüdafiəçisi klubun yeni müqavilə təklifini qəbul etməyib.
Klub rəhbərliyi müqaviləsinin müddəti mövsümün sonuna kimi olan digər oyunçular kimi, Alimiyə də yeni müqavilə təklif edib. Amma kubokun final matçından sonra ölkəsinə yollanan İsnik, “Qəbələ”nin yeni müqavilə təklifini cavablandırmayıb. O, hazırda digər təklifləri dəyərləndirir və növbəti mövsümdə “Qəbələ”də çıxış etməyəcəyi dəqiqdir.
Qeyd edək ki, Alimini heyətində görmək istəyən klublar arasında Azərbaycan Premyer Liqasının digər təmsilçiləri – “Zirə” və “Neftçi” də var. Hazırda bu klublar da yarımmüdafiəçiyə öz təkliflərini ediblər. İsnikin yekun seçiminin necə olacağı maraqla gözlənilir. Onun Azərbaycana qayıtmamaq variantı da var.
Xatırladaq ki, İsnik Alimi “Qəbələ”yə 2021-ci ilin iyun ayında İtaliyanın “Atalanta” klubundan ayrılaraq gəlmişdi. 29 yaşlı futbolçu bu komandanın heyətində meydana çıxdığı 73 oyunda 22 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Rimini”, “Viçentsa”, “Forli”, “Lumetsane”, “İmoleze”, “Şibenik”, “Kyevo”, “Ohrid Lihnidos”, “Maserateze” kimi klublarda da forma geyinib.
Şimali Makedoniyada dünyaya göz açmış İsnik, bu ölkənin U-19 yığmasında forma geyinsə də, sonradan Albaniyanın U-21 millisində çıxış edib.
“Qəbələ”də daha öncə Məqsəd İsayev, Ramon Maçado, Səlahət Ağayev, Andrey Strijak, Felipe Santos və Rövlan Muradov da komandanı tərk etmişdi. Hələ yeni transfer etməmiş klubda İlkin Qırtımov, Ürfan Abbasov, Murad Musayev, Emil Səfərov, Ülvi İsgəndərov və Kristof Atanqana ilə yeni müqavilə imzalanıb.