İspaniya Futbol Federasiyası dünya futbolundan üzr istədi

İspaniya Kral Futbol Federasiyası qurumun hazırda keçmiş rəhbəri Luis Rubialesin məlum qalmaqalına görə bütün futbol dünyasından üzr istəyib.

Arena.az İspaniya Kral Futbol Federasiyasının bəyanatını diqqətinizə çatdırır:

“İspaniya Kral Futbol Federasiyası, özünün prezidenti cənab Pedro Roçanın simasında bütün dünya futbolundan, futbol təşkilatlarından, futbolçulardan və qadın futbolçulardan, xüsusən də İspaniyanın və İngiltərənin qadın yığma komandalarından və həmçinin bütün dünyada azarkeşlərdən 2023 qadınlararası dünya çempionatının finalı zamanı özünün ən yüksək rəsmi nümayəndəsinin tamamilə qəbuledilməz davranışına görə ən səmimi surətdə üzr istəməyi zəruri hesab edir.

Onun davranışı bütövlükdə İspaniya cəmiyyətinin, institutlarının, təmsilçilərinin, idmançılarının və idman məmurlarının dəyərlərinə heç bir şəkildə uyğun gəlmir. İspaniya cəmiyyəti bütün sosial və siyasi sahələrdə tolerantlıq və vətəndaşlıq nümunəsidir.

Son bir neçə gündə bu nəciblik və cəmiyyətimizin və idmanımızın beynəlxalq nüfuzu Luis Rubialesin hərəkətləri ilə kölgədə qaldı. İspan futboluna, ispan idmanına, ispan cəmiyyətinə, futbol və idman dəyərlərinə nəhəng ziyan vurulub.

RFEF baş vermiş hadisəyə görə dərin təəssüf hissini ifadə etmək istərdi”.

Xatırladaq ki, Luis Rubiales qadınlar arasında dünya çempionatının qaliblərinin mükafatlandırılması mərasimindən sonra seksist mərəkəyə səbəb olmuş davranışa yol vermişdi. Federasiya prezidenti futbolçu Cenni Ermosonun başından tutub dodaqlarından ehtirasla öpmüşdü. Sosial şəbəkələrdə bu məqamı şərh edən Ermoso Rubialesin etdiklərini bəyənmədiyini vurğulayıb. Hadisə futbol ictimaiyyətində tənqidlərlə müşayiət edilən qızğın müzakirələrə səbəb olub. Rubiales özü bildirib ki, “bu, iki dostun qələbəni qeyd etdiyi an idi”. Daha sonra internetdə Rubialesin İspaniya Kraliçəsinin hüzurunda tənasül orqanını tutaraq tribunalardan nalayiq jest etdiyini göstərən fotoşəkillər peyda olmuşdu. Bu, sabiq prezidentin tənqidinə daha bir səbəb olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: