İngiltərə çempionu “Mançester Siti”nin müdafiəçisi Kayl Uoker “şəhərlilər”lə müqaviləsinin müddətini uzada bilər.
Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanonun “Twitter” hesabına istinadən xəbər verir.
Mənbənin məlumatına görə, klub nümayəndələri və futbolçunun agentləri arasında əməkdaşlığın davam etdiriliməsi mövzusunda danışıqlar gedir.
Uokerə “Bayern” tərəfindən ciddi marağa rəğmən, “Siti”də müdafiəçi ilə müqavilənin uzadılmasını mümkün sayırlar.
2022/2023 mövsümündə Kayl Uoker “Mançester Siti”nin heyətində 39 oyun keçirib, 1 məhsuldar ötürmə edib.
Uokerin ingilis klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Uokeri 15 milyon avro məbləğində qiymətləndirir.
Daha əvvəl “Bayern”in Uokerlə ciddi maraqlandığı və futbolçunun da Münhenə yollanmaqda maraqlı olduğu haqda xəbərlər yayılmışdı.


