Kristiano Ronaldo “Əl-İttifaq” üzərində qələbəyə qolla töhfə verdi

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 38 yaşlı futbolçunun komandası Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 18-ci turu çərçivəsində doğma meydanda “Əl-İttifaq”la qarşılaşıb.

Ər-Riyaddakı “Əl-Avval Park” stadionunda keçirilmiş oyunda meydan sahibləri 3:1 hesablı qələbə qazanıblar. Hesabı 43-cü dəqiqədə “Əl-Nəsr”ın müdafiəçisi Aleks Telles açıb. 59-cu dəqiqədə Marselo Brozoviç Kristiano Ronaldonun ötürməsini qola çevirib. 73-cü dəqiqədə isə Ronaldonun özü dəqiq penalti zərbəsi ilə hesabı artırıb – 3:0. 85-ci dəqiqədə “Əl-İttifaq”ın hücumçusu Məhəmməd Əl-Kuvaykibi qonaqların təsəlli qoluna imza atıb.

Bu qələbədən sonra “Əl-Nəsr” 17 oyundan 40 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Nəcd cəngavərləri”nin ehtiyatda 1 oyunu var. “Əl-İttifaq” 24 xalla 8-ci pillədədir. Çempionata 50 xalla “Əl-Hilal” başçılıq edir.

Ronlaldo milli çempionatın ən sərrast futbolçusudur – 17 qol. Həmçinin portuqal hücumçunun hesabında 9 məhsuldar ötürmə var və bu göstəricidə Ronaldo “Əl-Taavun”un yarımmüdafiəçisi Alvaro Medranla şərikli liderdir. Qol və məhsuldar ötürmələr cəmi üzrə isə Ronaldo milli çempionatın ən səmərəli futbolçusudur – 26 xal (17 qol və 9 məhsuldar ötürmə).

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 23 oyuna çıxıb, 21 qol vurub, 11 məhsuldar verib.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.

Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 38 yaşlı veteran futbolçunu 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: