Səudiyyə Ərəbistanı Peşəkar Liqasında “Əl-İttihad” – “Əl-Nəsr” oyunu qonaqların portuqal ulduzu Kristiano Ronaldo üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, 17-ci turdan təxirə salınmış oyunda Ronaldo komandasının 5:2 hesablı qələbəsinə 2 qolla töhfəsini verib.
Bununla da portuqal hücumçu 2023 təqvim ilinin ən sərrast futbolçuları arasında liderliyi ələ keçirib. İndi Ronaldonun hesabında 53 qol var. Bu siyahıda 2-ci yerdə PSJ-nin fransalı ulduzu, mərkəz hücumçu Kilian Mbappe və “Bayern”in ingilis ulduzu, mərkəz hücumçusu Harri Keyn qərarlaşıblar – hər biri 52 qol. “Mançester Siti”nin norveçli “qolçu vikinq”i Erlinq Haland isə 50 qolla 3-cü sıradadır.
Fransa və Almaniya futbolunun “qış yuxusu”na getdiyini, Erlinq Halandın isə zədəli olduğunu nəzərə alsaq, Ronaldo rəqibləri üçün əlçatmaz görünür. Xosep Qvardiolanın qarşıdakı oyunlarda Halandı statistika xatirinə döyüşə atacağı inandırıcı görünmür, üstəlik, “Əl-Nəsr” dekabrın 30-da milli çempionatın 19-cu turu çərçivəsində səfərdə “Əl-Taavun”la qarşılaşacaq. Güman ki, Ronaldo belə fürsəti əldən verməyəcək və təqvim ilini qolçuların zirvəsində bitirməyə çalışacaq.
Ronlaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 19 qol. Həmçinin portuqal hücumçunun hesabında 9 məhsuldar ötürmə var və bu göstəricidə Ronaldo “Əl-Taavun”un yarımmüdafiəçisi Alvaro Medranla şərikli liderdir. Qol və məhsuldar ötürmələr cəmi üzrə isə Ronaldo milli çempionatın ən səmərəli futbolçusudur – 28 xal (19 qol və 9 məhsuldar ötürmə).
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 24 oyuna çıxıb, 23 qol vurub, 11 məhsuldar verib.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.
Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 38 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


