“Əl-Nəsr”in portuqal ulduzu Kristiano Ronaldo şirkət yarandığı 1998-ci ildən bəri “Google” tarixində ən çox axtarılan idmançıdır.
Arena.az xəbər verir ki, bu barədə “Google”un rəsmi “YouTube” kanalı məlumat yayıb.
Vurğulayaq ki, daha əvvəl həm Ronaldo və həm də “İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messi 2023-cü ildə “Google” axtarış sistemində axtarılan ilk 10 idmançı sırasına düşməmişdi.
Ronaldo “Google” axtarış sistemində tarixən ən çox axtarılan idmançı olması haqda xəbərə münasibətini açıqlayıb:
“Google” sorğularına görə tarixdə ən çox axtarılan idmançı statusuna layiq görüldüyümə görə minnətdaram”, – Ronaldo özünün “X” sosial şəbəkə hesabı üzərindən paylaşıb.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduzun ərəb klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 22 oyuna çıxıb, 20 qol vurub, 10 məhsuldar verib.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib. O, bu oyunlarda 128 qol vurub və 46 məhsuldar ötürmə verib.
Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 38 yaşlı veteran futbolçunu 15 milyon avro məbləğində qiymətləndirir.


