“Əl-Nəsr”in portuqal hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında “Əl-Oxdud”la oyunda (3:0) dubla imza atıb.
Arena.az məlumat verir ki, iki gözəl qolla yanaşı, veteran ulduz futbolçu son 5 ildə ilk dəfə 60 və daha çox səmərəli fəaliyyət göstəricisinə çata bilib.
Ronaldo 2023-cü ildə Portuqaliya yığmasının və “Əl-Nəsr”in heyətində keçirdiyi oyunlarda ümumilikdə 48 qol vurub. O, eyni zamanda 13 məhsuldar ötürmə ilə fərqlənib.
Əvvəllər Ronaldo oxşar nəticələrə 2018 (49 qol və 13 məhsuldar ötürmə), 2017 (53+12), 2016 (55+16), 2015 (57+17), 2014 (61+20) , 2013 (69+15, karyerasında ən yaxşı nəticə), 2012 (63+13), 2011 (60+18) və 2010-cu (48+18) təqvim illərində nail olub.
Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümündə Ronaldo “Əl-Nəsr”in heyətində 13 oyun keçirib. O, bu oyunlarda 15 qol vurub, 7 məhsuldar ötürmə verib. Beləliklə, portuqal ulduz hazırda milli çempionatın ən sərrast futbolçusudur. Ronaldo həm də çempionatın məhsuldar ötürmələr üzrə lideri, qol və məhsuldar ötürmələrin cəmi üzrə ən səmərəli futbolçusudur.
“Əl-Nəsr” qələbə sayəsəində 14 turdan 34 xalla çempionatın lideri “Əl-Hilal”ı təqib edir. Hazırda lider 13 oyundan 35 xal toplayıb.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Kristianonun ərəb klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 18 oyuna çıxıb, 18 qol vurub, 9 məhsuldar verib.
Ronaldo “Nəcd cəngavərləri” ilə Ərəb Klub Çempionlar Kubokunu (2023) qazanıb və Səudiyyə Ərəbistanı Peşəkar Liqasının gümüş mükafatçısı (2022/2023) olub.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.
Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 38 yaşlı veteran futbolçunu 15 milyon avro məbləğində qiymətləndirir.


