İngiltərə çempionu “Liverpul”un qapıçısı Kuivin Kelleher bundan sonra Premyer Liqanın digər təmsilçisi “Brentford”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə “Brentford” rəsmi saytı vasitəsilə məlumat yayıb.
İrland qapıçının transferi sözügedən kluba 14,8 milyon avroya başa gəlib. “Brentford” yeni transferi ilə 5+1 illik müqavilə bağlayıb.
Kuivin Kelleher 2019-cu ildən “Liverpul”un əsas komandasında çıxış edirdi. O, geridə qalmış 2024/2025-ci illər mövsümündə 20 oyuna çıxıb, 20 qol buraxıb, 9 oyunda qapısını toxunulmaz saxlayıb. Kelleherin “Liverpul”un heyətindəki ümumi statistikası belədir – 67 oyun, 79 buraxılmış qol, 24 “quru” oyun.
İrlandiyalı qapıçı “Liverpul”la iki dəfə İngiltərə çempionu (2019/2020, 2024/2025) olub, UEFA Çempionlar Liqasını (2018/2019), UEFA Super Kubokunu (2019/2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022 və 2024-cü illərdə) qazanıb.
Kelleher 2021-ci ilin iyun ayında debüt etdiyi İrlandiya yığma komandasının heyətində 22 oyuna çıxıb. 26 yaşlı qolkiper bu oyunlarda 25 qol buraxıb, 8 matçda qapısını toxunulmaz saxlayıb.
“Transfermarkt” internet-portalı 26 yaşlı qapıçının transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.


