Laporta: “Mbappeyə görə “Real”a qibtə etmirəm”

“Barselona”nın prezidenti Joan Laporta Kilian Mbappenin mümkün keçidinə görə “Real”a qibtə edib-etməməsi haqda sualı cavablayıb.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən Laportanın bu barədə fikirlərini təqdim edir:

“Mbappeyə görə “Real”a qibtə edirəmmi? Qətiyyən yox, zərrəcə də. Üstəlik, onunla müqavilə imzalayıb-imzalamayacaqları da məlum deyil. Görərik.

Xeyr, bu barədə məlumatım yoxdur, amma hissiyyatım var. Müəyyən bir fəsad var – o, gəlsə, kimisə satmalı olacaqlar, elə deyilmi? Çünki onlar bir yerdə eyni mövqedə oynaya bilmirlər və bundan başqa, ikisi də çox məşhur futbolçulardır.

Üstəlik, onun müqaviləsindəki rəqəmlərdən danışsanız, paltardəyişmə otağındakı ab-havanı korlayacaqlar. Bu, hədiyyə deyil”, deyə Laporta əzəli rəqibi “Real”a acıyacaq tərzdə eyhamla danışıb.

Xatırladaq ki, daha əvvəl mətbuatda, “Real”ın Kilian Mbappe ilə müddəti 2029-cu ilə qədər qüvvədə olacaq müqavilə imzaladığı haqda məlumat yayılıb. Amma bu barədə hələlik rəsmi açıqlama yoxdur.

Laporta “Barselona”nın baş məşqçisi Xavinin vəzifəsində qalmağa qərar verəcəyinə ümidvar olduğunu da bildirib. Yanvarın sonunda Xavi klubun yeni inkişaf vektoruna ehtiyacı olduğu bildirmiş və cari mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı:

“Mən həqiqətən çox istərdim ki, Xavi fikrini dəyişib “Barselona”nın baş məşqçisi kimi qalsın. Mən Xaviyə təzyiq etməyəcəyəm. Onun öz ixtiyarındadır, mənim onun burada qalmaq istəyimi bilir. Mövsümün sonunda görəcəyik”, deyə Laporta ümidlə bildirib.

“Barselona” bu mövsüm İspaniya La Liqasında 27 oyuna topladığı 58 xalla 3-cü pillədə qərarlaşıb. Xavinin komandası 66 xala malik lider “Real”dan və 59 xalla ikinci pillədə qərarlaşmış “Jirona”dan geri qalır.

Xəbəri sosial şəbəkələrdə paylaş: