Hazırda zədəsini sağaltmaqla məşğul olan “İnter Mayami”nin ulduz hücumçusu Lionel Messinin nə vaxt sıraya qayıdacağı məlum olub.
Arena.az jurnalist Qaston Edula istinadən məlumat verir ki, “İnter Mayami”nin baş məşqçisi Xerardo Martino oktyabrın 5-də “Çikaqo Fayr”a qarşı oyunda argentinalı futbolçunun köməyinə arxalana bilməyəcək.
Ulduz futbolçunun oktyabrın 8-də “Sinsinnati” ilə oyunda meydana çıxacağı gözlənilir.
Xatırladaq ki, Messi zədə səbəbindən ardıcıl 3 oyunu buraxıb. Ulduz hücumçu sonuncu dəfə sentyabrın 21-də meydançaya çıxıb.
Lionel Messi isə bu yay transfer pəncərəsində PSJ-dən azad agent qismində MLS təmsilçisi “İnter Mayami”yə keçib. Argentinalının ABŞ klubu ilə müqaviləsi 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə Messi “İnter Mayami”nin heyətində 12 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. Lionel “vağlar”la Liqalar Kubokunu (2023) qazanıb və ABŞ Açıq Kubokunun (2023) finalçısı olub.
Messi hazırda kapitanı olduğu, 2005-ci ilin avqust ayının 17-də debüt etdiyi Argentina yığmasının heyətində 176 oyun keçirib, 104 qol vurub, 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Messi yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığmanın heyətində Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 36 yaşlı veteran Lionel Messini 35 milyon avro məbləğində qiymətləndirir.


