“Liverpul”un sahibləri kluba sərmayə qoyduqlarını açıqladılar

“Liverpul”un sahibləri kluba gələcək perspektivlər baxımından yatırılmış sərmayə qoyuluşu haqda açıqlama veriblər.

Arena.az “Liverpul”un rəsmi saytına istinadən məlumat verir ki, “Fenway Sports Group”un (FSG) prezidenti Mayk Qordon, qlobal idman investisiya şirkəti “Dynasty Equity”nin “Liverpul” Futbol Klubunun səhmdar kapitalına strateji sərmayə yatırımını tamamladığını açıqlayıb:

“Bizim, “Liverpul”a olan uzunmüddətli öhdəliyimiz əvvələr olduğu kimi, güclü olaraq qalır. Biz həmişə demişik ki, əgər “Liverpul”a uyğun bir investisiya tərəfdaşı tapılarsa, biz bu fürsətdən istifadə edərək, klubun uzunmüddətli maliyyə dayanıqlığını və gələcək tərəqqisini təmin etməyə kömək edəcəyik”, deyə Qordon bildirib.

“Biz FSG ilə tərəfdaşlıq etməkdən və komandalarımız arasında qarşılıqlı hörmətə və dərin əlaqələrə əsaslanan strateji tərəfdaşlıq çərçivəsində, “Liverpul” Futbol Klubunun əlamətdar irsini dəstəkləməkdən şərəf duyuruq”, deyə “Dynasty Equity”nin icraçı sədri Conatan M. Nelson vurğulayıb.

Hazırda meydandan kənarda olduğu kimi, meydanda da “Liverpul”un işləri rəvan axarda gedir. Alman mütəxəssis Yurgen Klopun nəzarəti altında “qırmızılar” İngiltərə Premyer Liqasında 16 xalla 2-ci pillədə qərarlaşıblar. “Liverpul” 5 qələbə qazanıb, 1 heç-heçə edib, top fərqi isə 15:5 nisbətindədir. “Liverpul” favoriti olduğu Avropa Liqasına da uğurla başlayıb. Klopun yetirmələri açılış turunda LASK üzərində 3:1 hesablı inamlı qələbə qazanıblar. İngiltərə Liqa Kubokunda “Lester Siti”ni qəbul etmiş “qırmızılar” “tülkülər”i də 3:1 hesabı ilə məğlub ediblər. İngiltərə Kubokunda mübarizə isə noyabrda başlayacaq. Yurgen Klopun “Liverpul”u bütün cəbhələrdə iddialıdır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: