Lorenso Kolombo satıldı, “Milan” bu qədər qazandı

21 yaşadək futbolçulardan ibarət İtaliya milli komandasının hücumçusu Lorenso Kolombo “Milan” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, Milanın eyni adlı təmsilçisi 21 yaşlı futbolçunu “Leççe”yə satıb.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

“Leççe” Lorensonu 2022-ci ilin iyul ayında satınalma şərti ilə icarəyə götürmüşdü. Gənc hücumçunun geridə qalan mövsümdəki uğurlu çıxışı bu klubu onun transfer hüquqlarını da almağa təhrik edib. Nəticədə “Leççe” “Milan”a 2,5 milyon avro ödəməklə Kolomboya sahiblənib.

Lorenso Kolombo “Milan”ın yetirməsidir. O, bu klubun əsas komandasında 11 oyuna çıxıb, 1 qol vurub. Gənc hücumçu daha öncə “Kremoneze” və SPAL-da da icarədə oynayıb. Geridə qalan mövsümdə “Leççe”də 34 oyuna 6 qol vurub, 2 assistə imza atmış forvard, İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Yeri gəlmişkən, “Leççe” ötən yay “Sampdoriya”dan icarəyə götürdüyü qapıçı Vladimiro Falkonenin də transfer hüquqlarını alıb. A Seriyası təmsilçisi bu keçid üçün də Genuya təmsilçisinə 3,5 milyon avro ödəyib. Amma Kolombo kimi, Falkone ilə də neçə illik müqavilə imzalandığı açıqlanmayıb.

Vladimiro Falkone 2022-ci ilin iyul ayından formasını geyindiyi “Leççe”də 39 oyuna çıxıb. İtaliyadan olan 28 yaşlı qolkiper bu oyunlarda 49 qol buraxıb, 6 “quru” matç keçirib. “Sampdoriya”da cəmi 14 oyun keçirmiş futbolçu, karyerası ərzində “Komo”, “Savona”, “Livorno”, “Bassano Virtus”, “Qavoranno”, “Lukkeze”, “Kozentsa” kimi klubların da formasını geyinib. O da İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında oynadığı halda, əsas millidə forma şansı qazanmayıb.