Luis de la Fuente: “Prinsipial rəqibi yendik, bu, nikbinlik vəd edir”

İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente UEFA Millətlər Liqasının yarımfinalında İtaliyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Luis de la Fuente 2:1 hesabıyla qalib gəlib finala yüksəldikləri matçdan sonra bunları söyləyib:

“Mən bu zəfəri məmnunluq kimi təsvir edərdim. Və qürur. Həqiqətən də oyunu yüksək səviyyədə keçirdik. Oyundan əvvəl futbolçulara nəyi istədiyimizi dedik və onlar da bildirişimizə əməl etdilər. Çox istedadlı oyunçuların bu qələbə üçün öz bacarıqlarından istifadə etdiyini gördük və nəticədə biz çox razıyıq.

Oyunçularım qarşısında şlyapamı çıxarıram. Bunlar müstəsna oyunçulardır. Bizim başlanğıc heyəti və ya əvəzedici olaraq çıxan oyunçularımız yoxdur. Bizim 23 super istedadımız var. Belə komandan olanda, əsas odur ki, ondan istifadə etməyi bacarasan. Biz prinsipial rəqibə qalib gəldik və bu, nikbinlik vəd edir. Futbolçular mənim təlimatlarımı eşitdilər və onlara əməl etdilər. Onlar ideyaya inandılar. Təpərli futbol nümayiş etdirdik və nəticədə üstünlük qazandıq.

Bizə vaxt lazım idi, bu bir prosesdir. Biz ideyanı möhkəmləndirməyə çalışırıq. Şotlandiyadakı məğlubiyyətdən sonra demişdim ki, xoşuma gələn şeylər gördüm. Amma bizə məşqləe, zaman gərək idi. Hətta bu gün də nəyin yaxşılaşdırıla biləcəyini görürəm”.

Beləliklə, iyun ayının 18-də İspaniya yığması UEFA Millətlər Liqasının finalında Xorvatiya yığması ilə qarşılaşacaq.