Braziliya millisinin məşhur sağ cinah müdafiəçisi Dani Alvesin zorlama maddəsi üzrə təqsirli bilinməsi barədə məhkəmə işi davam edir.
Arena.az “Cadena SER” dərgisinə istinadən məlumat verir ki, Barselona məhkəməsi ötən ilin dekabrında gecə klubunda qadına təcavüz etməkdə təqsirləndirilən Dani Alvesin şikayət ərizəsini üçüncü dəfə rədd edib.
Mənbənin məlumatına görə, məhkəmə həmçinin futbolçunun müdafiə tərəfinin Dani Alvesi zaminə buraxmaq üçün ünvanladığı üçüncü xahişinə də imtina cavabı verib. Barselona məhkəməsi iddia edir ki, təqsirləndirilən şəxsin qaçma təhlükəsi qalmaqdadır. Belə ki, prokurorlar onun üçün 9 il həbs cəzası tələb edirlər. Məhkəmə güman edir ki, Dani Alvesin zaminə buraxılacağı halda onun hər hansı yolla Braziliyaya “əkilməsi” mümkündür. Bu halda yerli qanunlar onun tapılıb İspaniyaya təhvil verilməsini əngəlləyə bilir. Həmçinin Dani Alves ölkəsində rahatlıqla cəzadan yayına bilər. Buna görə də Dani Alvesin zaminə buraxılması haqda istəyi təmin edilə bilməz.
Futbolçunun vəkilinin sözlərinə görə, artıq Dani Alves zərərçəkənə 150 min avro məbləğində təzminat ödəyib, ona görə də həbs müddəti 2 ildən çox olmamalıdır. Prokurorluq isə israr edir ki, təzminat yüngülləşdirici hal olmamalıdır. Üstəlik, öz növbəsində ittiham tərəfi də iddia edir ki, cinsi cinayətlərdə təzminatın daha böyük məbləğdə olması nəzərdə tutulub.
Mətubatda bu məsələyə ikili baxış mövcuddur. Xüsusən Braziliya mətbuatında belə bir fikir var ki, bir dəstə ispan əlbir olub Dani Alvesi soymaqla məşğuldur.
Xatırladaq ki, Dani Alves 6 aydan çoxdur ki, Kataloniya həbsxanasında saxlanılır. Yanvar ayında məşhur futbolçuya Barselonadakı “Sutton” gecə klubunda 23 yaşlı qadını zorlaması barədə ittiham irəli sürülüb.
Daha əvvəl Barselona məhkəməsinin Dani Alvesin işi üzrə istintaqı yekunlaşdırdığı və məhkəmə prosesinin tezliklə başlamalı olduğu, bundan sonra məhkəmənin braziliyalı futbolçu barəsində müvafiq hökm verəcəyi barədə məlumatlar yayılmışdı.


