Mahir Emreli 90 dəqiqə oynadı, 1 assistlə yadda qaldı – Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Xorvatiya çempionatının 11-ci turu çərçivəsində “İstra 1961” ilə qarşılaşıb.

Doğma meydanda baş tutan bu oyun Zaqreb təmsilçisinin qələbəsi ilə başa çatıb – 3:0.

Mahir bu matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Cari mövsümdə 3 qol vurub, 2 məhsuldar ötürmə etmiş Emreli bu dəfə də komandasının qələbəsinə 1 assistlə töhfə verib. O, 60-cı dəqiqədə vurduqları qolun ötürməsini verib.

Son Xorvatiya çempionu olan “Dinamo” 11 turdan sonra 19 xalla 10 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 38 matça çıxıb, 8 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: