“Mançester Yunayted” pedofil məşqçiyə görə üzrxahlıq etdi

“Mançester Yunayted” diqqətsizlik nəticəsində xoşagəlməz məqamla üzləşib və dərhal üzrxahlıq bəyanatı ilə çıxış etməyə qərar verib.

Arena.az xəbər verir ki, Mançester klubu əvvəllər pedofiliyaya görə məhkum edilmiş qadın komandalarının keçmiş məşqçisi Ceff Konopkanı komandanın oyunlarından birinə dəvət etdiyi üçün rəsmən üzr istəyib.

Xatırladaq ki, ötən il MY sabiq çalışdırıcısını qadınlardan ibarət komandanın oyununa fəxri qonaq qismində dəvət edərək, onu klub muzeyində təqdim edib.

“Qırmızı şeytanlar” Konopkanın cəzaları ilə bağlı məlumat alıblar. Bundan sonra faktları təsdiqləmək üçün təcili olaraq müvafiq hüquq və futbol qurumları ilə əlaqə saxlayıblar.

Klub rəhbərliyi təsdiqlənmiş bu məlumatı aldıqdan sonra, müvafiq tədbirlər görüb. Xəbərdə bildirilir ki, MY-nin artıq bu şəxslə heç bir əlaqəsi olmayacaq. “Qırmızı şeytanlar” bu iyrənc və dəhşətli cinayətlərin qurbanlarına və bütün zərərçəkmişlərə səmimi başsağlığı verib.

Xatırladaq ki, Konopka bundan əvvəl 1983-2001-ci illərdə “Mançester Yunayted”in qadınlardan ibarət komandasını çalışdırıb. 2011-ci ildə Konopka 16 və 14 yaşdan kiçik qızlara qarşı 19 seksual xarakterli nalayiq hücumda təqsirli bilinərək, 4 il müddətinə azadlıqdan məhrum edilib. O, 10 il müddətinə seksual cinayətkarlar reyestrinə daxil edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: