“Mançester Yunayted”in braziliyalı dayaq yarımmüdafiəçisi Kazemiro “qırmızı şeytanlar”ın Premyer Liqadakı növbəti oyununu buraxacaq.
Arena.az bu barədə “Mançester Yunayted”in rəsmi saytına istinada istinadən məlumat verir.
Xatırladaq ki, “qırmızı şeytanlar” oktyabrın 21-də Premyer Liqanın 9-cu turu çərçivəsində “Şeffild Yunayted”lə qarşılaşacaqlar.
“Kazemiro məşqdə iştirak etməyib, çünki klubun məsləhəti ilə millidə oyun zamanı yaranmış kiçik fəsaddan tez sağalmaq üçün Braziliyada qalıb. O, şənbə günü “tiyələr”ə qarşı oyunda iştirak etməyəcək, amma məşqləri davam etdirmək üçün gələn həftənin əvvəlində Kerrinqtona dönəcəyi gözlənilir. Eyni zamanda, o, “Qalatasaray”la oyunda qırmızı vərəqə aldığı üçün “Old Trafford”da keçiriləcək UEFA Çempionlar Liqasının “Kopenhagen”lə oyununa diskvalifikasiya edilib”, – “qırmızı şeytanlar”ın rəsmi bəyanatında deyilir.
Kazemiro “Mançester Yunayted”ə 2022-ci ilin avqustunda 70,65 milyon avro müqabilində “Real”dan keçib. Braziliyalı “dayaqçı”nın “qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə o, “Mançester Yunayted”in heyətində 11 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib. Yarımmüdafiəçi “qırmızı şeytanlar”la ötən mövsüm İngiltərə Liqa Kubokunun qalibi olub.
Kazemiro hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya yığmasının heyətində 75 oyuna çıxıb, 7 qol vurub, 3 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı Kazemironu 40 milyon avro məbləğində qiymətləndirir.