“Arsenal”ın baş məşqçisi Mikel Arteta “topçular”ın hansı səbəblə “Mançester Siti”dən futbolçular almasını açıqlayıb.
Arena.az “Marca”ya istinadən Artetanın açıqlamasını diqqətinizə çatdırır:
“Biz nədən “Mançester Siti”dən oyunçular transfer edirik? Hər şey bəsitdir: çünki onlar çox yaxşıdırlar. Mən onlarla tanışam və dörd il onlarla işləmişəm. Mən Qabriel Jezus və Aleksandr Zinçenkonu heyrətamiz istedadına, eləcə də insani bacarıqlarına görə əldə etmək istəmişəm”.
Xatırladaq ki, 41 yaşlı Mikel Arteta 2019-cu ildən “Arsenal”ı çalışdırır. İspan mütəxəssisin “topçular”la cari müqaviləsi 2025-ci ilə qədərdir. Həmçinin Artetanın “Mançester Siti”nin baş məşqçi Xosep Qvardiola ilə şəxsi münasibətlə yanaşı, sıx əməkdaşlıq münasibəti var. Belə demək mümkünsə, Arteta Qvardiola məktəbinin yetirməsidir.
Artetanın rəhbərliyi altında “Arsenal” ötən mövsüm İngiltərə Premyer Liqasında inamlı və iddialı oyun nümayiş etdirməklə çempionluğa əsas namizəd idi. Ancaq “topçular” bir neçə oyunda büdrəyərk Qvardiolanın çalışdırdığı “Mançester Siti”yə fürsət verdilər və “Siti 38 oyundan 89 xal toplayaraq “Arsenal”ı beş xal qabaqlayıb İngiltərə çempionu oldu.


