“Napoli” Antoni Konteyə rəsmi müraciət ünvanladı

“Napoli” komandanın baş məşqçisi olmaq təklifi ilə italiyan mütəxəssis Antonio Konteyə rəsmi müraciət ünvanlayıb.

Arena.az bu barədə jurnalist Fabrisio Romanoya istinadən məlumat verir.

Mənbənin məlumatına görə, yaxın vaxtlarda bu xüsusda müzakirələr və birbaşa danışıqlar aparılacaq. Bu da Kontenin klubun hazırkı baş məşqçisi Rudi Qarsiyanı əvəz edəcək şəxs olub-olmayacağını anlamağa kömək etməlidir. Konte ilə danışıqlara keçməzdən əvvəl, müzakirə edilərək həllini gözləyən bir sıra vacib məqamlar olduğu üçün, klub rəhbərliyi yekun qərarını hələ verməyib.

Antonio Konte cari ilin martında “Tottenhem”dən qarşılıqlı razılaşma əsasında ayrılandan bəri, işsizdir.

Fransız mütəxəssis Rudi Qarsiya isə “Napoli”ni cari ilin iyunundan çalışdırır. Rudi “eşşəkciklər”ə son 33 ildə ilk dəfə İtaliya çempionluğunu qazandırmış Luçano Spallettinin uğurlu yolunu davam etdirmək üçün böyük ümidlərlə dəvət edilmişdi.

Oktyabrın 8-də doğma meydanda “Fiorentina”ya məğlub olmuş (1:3) “Napoli”i 8 turdan sonra 14 xal toplayıb. Bu komanda hazırda A Seriyasının lideri “Milan”dan 7 xal geri qalır. Neapol təmsilçisi 4 oyunda qələbə qazanıb, 2 dəfə heç-heçə edib və 2 oyunda məğlubiyyət acısı yaşayıb, top fərqi isə 17:9 nisbətindədir.