Poçettino “Çelsi”də “Limonnamə” yazır

“Çelsi”nin argentinalı baş məşqçisi Maurisio Poçettino iş otağında limon saxlamasına aydınlıq gətirib və maraqlı müqayisə aparıb.

Arena.az “The Guardian” nəşrinə istinadən Poçettinonun müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Limonlara vaxt verin. Bu, bizim hamımızın inandığıdır. Yaxşı enerjiyə sahib olmaq istəyirsinizsə, inandığınız hər şeyi həyata keçirməlisiniz. Mən limonlara inanıram, amma “Tottenhem”də bir il yarım və ya iki ildən sonra çalışmağa başladılar. Onlara çox vaxt gərəkdir, onlar sehrli deyillər, amma mən hələ də onlara həmişəkindən daha çox inanıram.

Bu gün mənim ofisimdə sarı, yaşıl, müxtəlif növlər var. İspaniyadan, İtaliyadan. Yalan danışmaq istəmirəm, orada böyük bir qutu limon var. Mən həmişə sarı limonun yaşıldan daha yaxşı çalışdığını düşünürdüm, amma indi istənilən rəngə inanıram – istənilən rəng kömək edə bilər. Mavi limon əldə edə bilsəydim, daha da yaxşı olardı”, deyə “Poç” maraqlı çıxışını bitirib.

Poçettinonun xüsusi incəliklə seçilmiş sözlərlə müvafiq üslubda təsvirində “Çelsi”nin cari vəziyyətini dair mənzərəni nümayiş etditmək niyyətində olduğunu demək çətindir. Bütün bunlar yaxşı düşünülmüş, eyhamlı ingilis yumorunu xatırladır.

Vurğulayaq ki, “Çelsi” mövsümə gözlənilənlərin əksinə, çox uğursuz başlayıb. 5 turdan sonra “zadəganlar” 5 xalla Premyer Liqanın 14-cü pilləsində qərarlaşıb. “Zadəganlar” 1 qələbə qazanıblar, 2 heç-heçə ediblər və 2 oyunda məğlub olublar, top fərqi isə 5:5 nisbətindədir. Premyer Liqaya 5 oyundan mütləq nəticə – 15 xal toplamış “Mançester Siti” liderlik edir.

Əvvəlki müsahibəsində Poçettino komandanın zamanla axara düşəcəyini bildirmiş, klub rəhbərliyinin isə strateji planı dəstəkləməli olduğunu xatırlatmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: