“Qarabağ” 2021/22 mövsümündə ümumilikdə 100-cü qolunu vurub. Arena.az xəbər verir ki, Ağdam klubunun cari mövsümdəki yubiley topuna gənc hücumçu Musa Qurbanlı imza atıb.
O, Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində baş tutan “Səbail”lə səfər qarşılaşmasında (3:0) komandasının ikinci qolunun müəllifi olub.
Qurban Qurbanovun yetirmələri 100-cü qolunu 45-ci matçda vurub. Qol sayını 101-ə çatdıran Ağdam klubu Premyer Liqada 68, ölkə kubokunda 15, Avropa Konfrans Liqasında 18 dəfə fərqlənib.
“Qarabağ” həm də Azərbaycan çempionatında bir mövsüm ərzində vurulan qol sayında 21-ci əsrin rekorduna imza atıb. Bunadək “Xəzər Lənkəran” 2004/05, “Qarabağ” 2013/14 və 2015/16 mövsümlərində 66 qol vurmuşdu. Ağdam klubu bu göstəricini iki top üstələyib. Cari mövsümdə öz qapısından cəmi 12 top buraxan ağdamlılar, 68 qola imza atıblar. Qarşıda bu komandanı Premyer Liqada mövsümün son turu çərçivəsində “Neftçi”, ölkə kubokunda isə “Zirə” ilə finala oyunu gözləyir. Bu iki oyunda komandanın yenicə müəyyənləşdirdiyi qol rekordunu bir qədər də artırmaq imkanı olacaq.


