“Qarabağ” və Leandro Andrade ilki gerçəkləşdirdilər

Premyer Liqanın 2024/2025-ci illər mövsümünün vahid lideri “Qarabağ” Azərbaycan çempionatlarında 1600-cü qolunu vurub.

Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 30-cu turunun “Səbail”lə səfər matçına təsadüf edib.

Səfərdə 4:1 hesablı qələbə qazanan qonaqların 2-ci topuna imza atan Leandro Andrade yubiley qolunun müəllifi kimi tarixə düşüb. Ağdam klubu 1600-cü qolunu 955-cü matçında vurub. Ümumilikdə 1602 topdan 913-ü ev, 674-ü səfər, 15-i neytral meydana təsadüf edib.

“Qarabağ” Azərbaycan çempionatlarında 1600 qol vuran ilk komanda olub. Komandanın orta məhsuldarlığı 1,68-ə bərabərdir.

Qeyd edək ki, komandanın tarixində ilk qola Mehman Alışanov imza atıb. O, 1992-ci il mayın 3-də “İnşaatçı” (Sabirabad) ilə ev oyununda (1:2) təkcə “Qarabağ” deyil, yarışın tarixində ilk topun müəllifi olub.

Bu oyunda həm də Azərbaycan Premyer Liqasının cari mövsümünün 3-cü het-triki qeydə alınıb. Leandro Andrade “Səbail”lə görüşdə 3 qola imza atıb.

Portuqaliyalı yarımmüdafiəçiyə qədər yalnız Davit Volkov het-trik müəllifi olub. “Zirə”nin hücumçusu 1-ci turda “Səbail”, 15-ci turda “Sumqayıt”ın qapısına 3 dəfə yol tapıb. Maraqlıdır ki, het-trik qeydə alınan hər üç qarşılaşma 4:1 hesabı ilə başa çatıb.

Volkovun 3 qol vurduğu matçlar ev oyunları olub və 2024-cü ilə təsadüf edib. Andrade isə cari mövsümdə səfərdə het-trik edən ilk oyunçudur. O, həm də 2025-ci ildə bunu bacaran ilk futbolçu olub.