Qari Lineker Aleksandr Zinçenkonu təriflədi: “Müstəsna futbolçudur”

İngiltərə yığmasının sabiq futbolçusu Qari Lineker Ukrayna yığmasının yarımmüdafiəçisi Aleksandr Zinçenko haqda danışıb.

Arena.az xəbər verir ki, AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində səfərdə Ukrayna yığması ilə qarşılaşmış İngiltərə yığması oyundan 1:1 hesablı heç-heçə ilə ayrılıb.

Ukrayna yığmasının hesabı açdığı oyunda qolun müəllifi məhz Zinçenko olub.

Qari Lineker özünün “Twitter” hesabında növbəti sətirləri paylaşıb: “Zinçenko müstəsna futbolçu olmaqla yanaşı, çox təsiredici gəncdir. Ölkəsində baş verən dəhşəti yaşamaq inanılmaz dərəcədə çətin olmalıdır”.

Xatırladaq ki, AÇ-2024-ün seçmə mərhələsinin 1-ci turu çərçivəsində keçirilmiş oyunda İngiltərə yığması Ukrayna yığmasına 2:0 hesabı ilə qalib gəlmişdi.

Hazırda, keçirdiyi 5 oyundan sonra İngiltərə yığması 4 qələbə, 1 heç-heçə yaşayıb və 13 xalla C qrupunda liderdir, top fərqi isə 16:2 (+14)-dür.

Ukrayna yığması isə 4 oyunda 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət yaşayıb və 7 xalla 2-ci pillədə qərarlaşıb, top fərqi 5:5-dir.

İtaliya yığması 3 oyundan 4 xalla 3-cü, Makedoniya yığması isə 4 oyundan 4 xalla 4-cü sırada yer alıb. Qrupun autsayderi isə keçirdiyi 4 oyunun hamısında məğlub olmuş Malta kollektividir.