“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 6-cı turu çərçivəsində “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandalar arasında bu gün Qubada baş tutmuş qarşılaşma 1:1 hesabıyla yekunlaşıb.
Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Bu şəraitdə göstərdikləri əzmkarlıq və peşəkarlığa görə futbolçularıma təşəkkür edirəm. Oyun bizim üçün çox yaxşı başladı. Üst-üstə yaxşı hücumlar qurduq. Sonra standart vəziyyətdən qol buraxdıq. Ondan sonra oyunumuz bir az pozuldu. Amma ikinci hissədə tamamilə istədiyimiz futbol gedirdi. Çoxsaylı hücumlar edirdik, rəqibin müdafiəsini yarmağa çalışırdıq. Sonda standart vəziyyətdən alındı. Mümkün futbol şəraitini nəzərə alsaq, bu nəticəni pozitiv hesab etmək olar”.
Rəşad Sadıqov meydançanın durumundan da şikayətlənib:
“Könül istərdi ki, daha yaxşı olsun. Amma bu gün real vəziyyət budur. Bizdən qabaq da “Sumqayıt” burada oynayıb. Bizdən sonra da bu stadionda oyunlar keçiriləcək. Çox da şikayət etmək istəmirəm. Hər birimiz istəyərik ki, meydançalarımızın ot örtüyü daha keyfiyyətli və səviyyəli olsun. O zaman futbolumuz, klublarımız daha sürətlə inkişaf edəcək. Bu meydançanın durumu “İmişli”nin uğurlarına kölgə salmır. Çünki yaxşı stadionlarda da yaxşı oyun nümayiş etdiriblər. Çempionata çox uğurlu start veriblər. Onların da haqqını vermək lazımdır. Əzmkar, yaxşı komanda formalaşdırıblar.
“İmişli”ni təhlil edəndə vurğulamışdıq ki, diqqətli olmaq lazımdır. Autdan, kornerdən, cinahdan olan cərimə zərbələrindən qolları var. Bizə də elə bir qol vurdular. Oyunun gedişatını nəzərə alsaq, qayğımız özünü doğrultdu”.
Xorxe Kaskilya hakimlikdən narazı, 1 xaldan razıdır
“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya isə heç-heçəyə belə şərh verib:
“Oyun gözlədiyimiz kimi, çox çətin keçdi. Meydanın bu vəziyyətdə olması çətinliyi daha da artırmışdı. “Zirə” çempionatın ən güclü komandalarından biridir, çempionluğa oynayan komandadır. Çox çətin oyun oldu. Buna baxmayaraq, uşaqlar özlərini itirmədilər, layiqli mübarizə apardılar. Birinci hissədə vurulan qol bizim üçün çox vacib idi. Buna görə ikinci yarıya daha rahat başladıq. “Zirə”nin yüksək keyfiyyətli oyunçularının olduğunu bilirdik. Xüsusən də yarımmüdafiə və hücum xəttində. İkinci hissədə onların təhlükəli hücumlarının qarşısını almağa hazır idik. Meydanın mərkəzindən hücum qura bilmirdilər. Ona görə də daha çox cinahlardan cərimə meydançamıza uzun ötürmələr verirdilər. Bu hücumların nəticəsində 1 qol buraxdıq. Belə komanda ilə oyunda heç-heçə bizim üçün pozitiv nəticədir”.
Kaskilya “Qarabağ”ı məğlub etmək mümkündür” sualına isə belə cavab verib:
“Əlbəttə, mümkündür. Top yumrudur. Bu, futboldur. Kiminsə bəxti daha çox gətirə bilər. “Qarabağ”ın pis günü, bizim isə yaxşı günümüz olarsa, mümkündür. Əksi də ola bilər. Nəzərə almaq lazımdır ki, “Qarabağ” çempionatın ən güclü komandasıdır. Fiziki, fərdi və taktiki keyfiyyətlər vacibdir. Komandada taktiki intizamın olması vacibdir. Əlbəttə, “İmişli” fiziki cəhətdən güclü olduğunu göstərir. Məşqlərimiz çox sərt keçir. Amma çox qaçmaq futbol deyil. Əsas odur ki, komanda taktiki cəhətdən intizamlı oynasın”.
Portuqal mütəxəssis hakimlikdən də şikayətlənib:
“Yenə də VAR-ın işindən narazıyam. Rəqibin oyunçusu bizim futbolçuya qarşı sərt oynamışdı. Buna baxmayaraq, VAR müdaxilə etmədi. Bu oyundan 3 xalla ayrılmaq istəyirdik. Amma “Zirə” kimi komanda ilə matçda bir xal da bizim üçün yaxşıdır”.


