“Ayaks” tarixinin ən uğursuz seriyası

Niderland futbolunun nəhənglərindən hesab edilən “Ayaks” komandası tarixinin ən uğursuz seriyasını müəyyənləşdirib.

Arena.az bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına istinadən xəbər verir.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunda Azərbaycan çempionu “Qarabağ”la üz-üzə gələcək Amsterdam təmsilçisi ötən gecə Portuqaliyanın “Benfika” kollektivinə uduzub – 0:2.

Bununla da sözügedən komanda avrokuboklarda ardıcıl 8 matçında məğlubiyyət acısı yaşayıb. Bu isə klub tarixində ən pis seriyadır.

Bundan əlavə, klub UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümündə ilk 5 qarşılaşmada yenilmiş ikinci Niderland təmsilçisidir. Daha öncə “Feyenoord” 2017/2018-ci illər mövsümündə oxşar nəticəyə imza atmışdı.

Xatırladaq ki, “Qarabağ” “Ayaks”la UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində üz-üzə gələcək. Qarşılaşma dekabrın 10-da Bakıda keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: