Estevan Mbappe və Halandın nailiyyətini təkrarladı

İngiltərənin “Çelsi” klubunun 18 yaşlı braziliyalı hücumçusu Estevan Villian Kilian Mbappe və Erlinq Halandın nailiyyətlərini təkrarlayıb.

Arena.az bu barədə “Opta”ya istinadən xəbər verir.

Bildirilir ki, o, start heyətində meydana çıxdığı ilk üç UEFA Çempionlar Liqası matçında 19 və ya daha az yaşda qol vurmuş üçüncü futbolçu olub. Braziliyalı oyunçu bunu ötən gün ÇL-in Liqa mərhələsinin 5-ci turunda “Barselona”ya qarşı keçirdikləri görüşün (3:0) 55-ci dəqiqəsində fərqlənməklə reallaşdırıb.

Estevan daha əvvəl start heyətində meydana çıxdığı “Ayaks” (Niderland, 1:0) və “Qarabağ”la (Azərbaycan, 2:2) oyunlarda da qol vurmağa nail olmuşdu. Buna qədər hücumçu UEFA Çempionlar Liqası matçlarında yalnız ehtiyatdan meydana daxil olurdu.

Xatırladaq ki, daha əvvəl “Real”ın üzvü Kilian Mbappe (18 yaş) və Erlinq Haland (19 yaş) bunu bacarmışdı.

“Çelsi” Estevanı 2024-cü ilin iyun ayında “Palmeyras”dan 34 milyon avro məbləğ müqabilində transfer edib. Gənc hücumçunun “Çelsi” ilə müddəti 2033-cü ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Estevan futbolda ilk addımlarını “Kruzeyro”da atıb, ardınca “Palmeyras”a yol taparaq, böyük futbolda debüt edib.

Estevan “Palmeyras” üçün ümumilikdə 83 oyun keçirib, 27 qol və 15 məhsuldar ötürmə ilə fərqlənib. “Çelsi”də isə 17 oyun keçirmiş futbolçu 5 qola imza atıb.

Estevan Villian 2024-cü ilin sentyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 11 oyuna 5 qol vurub.

Estevanın qənimətlər muzeyində “Palmeyras”la qazandığı Braziliya çempionıuğu (2023) və Paulista çempionluğu (2023/2024).

“Transfermarkt” internet-portalı 18 yaşlı futbolçunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: