İngiltərə millisinin sabiq oyunçusu Rahim Sterlinq narkotik vasitənin təsiri altında avtomobil idarə etməkdə şübhəli bilinərək saxlanılıb.
Arena.az bu barədə Britaniya mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, hazırda Niderlandın “Feyenoord” klubunda çıxış edən futbolçu Hempşirdəki magistral yolda polis tərəfindən saxlanılıb. Sterlinq özünün “Lamborghini” markalı avtomobili ilə maneəyə çırpılıb. Oyunçu narkotik maddə qəbul etməkdə və saxlamaqda şübhəli bilinir. Lakin futbolçu tibbi müayinədən keçməkdən imtina edib. Sterlinq girov müqabilində sərbəst buraxılıb.
Xatırladaq ki, 31 yaşlı ingiltərəli futbolçu bu ilin fevral ayında azad agent statusu ilə Londonun “Çelsi” klubundan “Feyenoord”a keçib. Niderland klubunun heyətində 8 oyun keçirmiş futbolçu 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Rahim Sterlinq futbola “Alfa və Omeqa” klubunda qədəm qoyub. İngilis vinger karyerası ərzində KPR, “Liverpul”, “Mançester Siti”, “Arsenal” və “Çelsi”də oynayıb.
Sterlinq 2012-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 82 oyun keçirib, 20 qol vurub və 27 məhsuldar ötürmə verib.
Rahim Sterlinqin qənimətlər muzeyindəki bütün kuboklar “Mançester Siti”nin adı ilə bağlıdır – İngiltərə Premyer Liqası çempionluğu (4 dəfə), İngiltərə Kuboku, İngiltərə Liqa Kuboku (5 dəfə) və İngiltərə Super Kuboku (2 dəfə). Həmçinin Sterlinq 2019-cu ildə İngiltərədə ilin oyunçusu seçilib.
“Transfermarkt” internet-portalı 31 yaşlı vingerin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.


