PSJ-nin hücumçusu Kilian Mbappe növbəti mövsümdə Fransada qalacağını bəyan etsə də, onun yayda “Real”a keçmək ehtimalı hələ də qalır.
Arena.az xəbər verir ki, bu barədə “L’Équipe” nəşri məlumat yayıb.
Məlumata görə, “Real”ın prezidenti Florentino Peres fransız hücumçunun Madridə gətirilməsi üçün 200 milyon avro məbləğ ayırmağa hazırdır. Transferin gerçəkləşəcəyi halda Mbappenin transferi “Real”ın tarixində ən bahalı sövdə ola bilər.
Xatırladaq ki, “Kral klubu”nun tarixində ən bahalı transfer belçikalı vinger Eden Hazardın “Çelsi”dən transferidir. Madridlilər bu sövdəyə 115 milyon avro xərcləmişdilər.
Daha əvvəl məlum olmuşdu ki, Mbappe 2024/2025 mövsümü üçün PSJ ilə müqaviləsini avtomatik qaydada yeniləyən müvafiq bəndə qol qoymayıb. Bu isə fransız hücumçunun 2024-cü ilin iyununda azad agent olmasına imkan verəcək.
2022/2023 mövsümündə Mbappe PSJ-nin heyətində 43 oyuna çıxıb, 41 qol vurub, 10 məhsuldar ötürmə ilə fərqlənib və parislilərlə Fransa çempionluğunu qazanıb.
Vurğulayaq ki, 24 yaşlı Kilian Mbappe PSJ-nin tarixində ən yaxşı bombardirdir.
“Transfermarkt” internet-portalı Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.


