Renat Dadaşov “Poqon”a qarşı 58 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa çempionatının 2025/2026-cı illər mövsümünün 2-ci turunda “Poqon”la qarşılaşıb.

Lyublin təmsilçisi bu rəqiblə səfərdə qarşılaşıb. “Motor” bu görüşdən 1:4 hesablı ağır məğlubiyyətlə ayrılıb. Renat bu görüşə start heyətdə başlasa da, 58-ci dəqiqədə, hesab 1:3 olarkən əvəzlənib.

2 turdan sonra 3 xalı olan “Motor” hazırda Polşa çempionatının turnir cədvəlində 18 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, Dadaşov “Motor”la bu yay 1+1 illik müqaviləyə imza atıb.

Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk etmişdi. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 36 oyunda 4 qol, 1 məhsuldar ötürmə müəllifi olub.