Futbol üzrə Azərbaycan milli komandasının mərkəz hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa çempionatının 2025/2026-cı illər mövsümünün 10-cu turu çərçivəsində “Radomyak”la qarşılaşıb.
Lyublin təmsilçisi bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Dörd qolluq oyunda qalib müəyyənləşməyib – 2:2. Renat keçmiş komandasına qarşı keçirdikləri bu görüşün 79-cu dəqiqəsində meydana buraxılıb.
10 turdan sonra 11 xalı olan “Motor” hazırda Polşa çempionatının turnir cədvəlində 18 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Renatın komandası keçirdiyi 9 oyunda 2 qələbə qazanıb, 5 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Dadaşov “Motor”la bu yay 1+1 illik müqaviləyə imza atıb. O, Lyublin klubunun heyətində meydana çıxdığı 8 oyunda fərqlənə bilməyib.
Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk edib və “Motor”la razılaşıb. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 39 oyunda 4 qol, 1 məhsuldar ötürmə müəllifi olub.


