Roberto Martines: “İnanılmaz xasiyyət nümayiş etdirdik”

Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines UEFA Millətlər Liqasının final oyununda İspaniya yığması üzərində qələbəni şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, 51 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Mən çox fəxr edirəm. Finallarda nəinki oynamaq, həmçinin qələbə qazanmaq vacibdir. İspaniya yığması öz qollarını vurduqdan sonra, biz inanılmaz xasiyyət nümayiş etdirdik. Ən əsası – kollektiv və komandadır. Öz işinə günbəgün sədaqətdir. Bizim 16-17 eynilə əla futbolçumuz var. Digər keyfiyyətlərimizlə birlikdə ustalığımız qənimətlər qazanmağımıza kömək olur.

Komandamızın kapitanı bizim üçün çox vacibdir. İspaniya yığması iki dəfə hesabda önə keçdi, amma kapitanımızın təcrübəsi və güc-qüvvəti bütün bunlara rəğmən, qələbə qazanmağa hazır olduğumuzu nümayiş etdirməyə kömək oldu”, deyə Roberto Martines Portuqaliya yığmasının 40 yaşlı kapitanı və veteran ulduz hücumçusu Kristiano Ronaldonun xidmətini vurğulayıb.

Xatırladaq ki, hesab 1:2 ikən Ronaldo komandasının bərabərlik qolunu vurub. Portuqaliya yığması 2:2 hesabı ilə başa çatmış oyunun penaltilər silsiləsində İspaniya yığmasını 5:3 hesabı ilə məğlub edib.

Bu Portuqaliya yığmasının UEFA Millətlər Liqasında 2-ci zəfəridir ki, bu da yarışın mütləq rekordudur. Buna qədər Portuqaliya yığması 2019-cu il UEFA Millətlər Liqasında qalibiyyət qazanmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: