Noyabrın 27-də axşam Asiya Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda Kristiano Ronaldolu “Əl-Nəsr” – “Persepolis”i qəbul edub.
Arena.az məlumat verir ki, İran təmsilçisi portuqal ulduzun çıxış etdiyi kollektivə qarşı oyunda tab gətirərək, “quru” hesabla adlı-sanlı rəqibindən 1 xal qopara bilib.
Buna rəğmən, 5 oyundan 13 xal toplamış “Əl-Nəsr” həm qrup birinciliyini təmin edib, həm də turnirin ələmə mərhələsinə vəsiqə qazanıb. Öz növbəsində “Persepolis” də növbəti mərhələyə vəsiqəsini təmin edib. İranlılar 8 xalla qrup ikincisi olublar.
Kristiano Ronaldo bu oyunda 78 dəqiqə meydanda olub və oyundan sönra özünün sosial şəbəkə hesabı üzərindən təəssüratını paylaşıb:
“Şadam ki, qrupumuzda birinci olduq və məğlubiyyətsiz 20 oyun keçirdik. Əla komanda işidir”, – Ronaldo yazıb.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Kristianonun ərəb klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 19 oyuna çıxıb, 18 qol vurub, 9 məhsuldar verib.
Ronaldo “Nəcd cəngavərləri” ilə Ərəb Klub Çempionlar Kubokunu (2023) qazanıb və Səudiyyə Ərəbistanı Peşəkar Liqasının gümüş mükafatçısı (2022/2023) olub.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.
Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 38 yaşlı veteran futbolçunu 15 milyon avro məbləğində qiymətləndirir.


