Səudiyyə Ərəbistanı Peşəkar Liqasında turun mərkəzi görüşündə lider “Əl-Hilal” evdə Kristiano Ronaldonun “Əl-Nəsr”ini məğlub edib.
Arena.az məlumat verir ki, oyun 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Nisbi üstünlüyünə rəğmən, “Əl-Nəsr” məğlubiyyətlə barışmalı olub. “Nəcd cəngavərləri”nin 20 oyunluq məğlubiyyətsiz silsiləsi sona yetib. Oyunun 64-cü dəqiqədə meydan sahiblərinin serb yarmmüdafiəçisi Sergey Milinkoviç-Saviç hesabı açıb. “Əl-Nəsr” hesabda dönüş yaratmaq üçün tədricən təzyiqini artırsa da, son dəqiqələrdə iki qol “yeyərək”, böyükhesablı məğlubiyyətlə barışmalı olub. Bu dəfə serb hücumçu Aleksandar Mitroviç fərqlənib (89, 90+2).
Qələbə sayəsində “Əl-Hilal” 41 xall lider mövqeyini möhkəmlədib. “Əl-Nəsr” isə 34 xalla 2-ci pillədə qalıb. Kristiano Ronaldo əvvəlki kimi turnirin ən səmərəli futbolçusudur – 15 qol, 7 məhsuldar ötürmə.
“Əl-Nəsr”i baş məşqçisi, portuqal mütəxəssis Luis Kastro isə klubun rəsmi saytına müsahibəsində VAR sistemi ilə bağlı narazılığını ifadə edib:
“Ola bilsin ki, ilk 15 dəqiqədə kimdəsə oyunu “Əl-Hilal”ın idarə etdiyi təəssüratı yarandı, amma əslində həqiqət odur ki, biz əvvəldən oyunun təşkili ilə bağlı eyni xətaları etməyə başladıq, amma sonra bunu aradan qaldırmağı bacardıq.
Oyunda bir neçə məqam oldu ki, hakim VAR-dan istifadə etməli idi, amma etmədi. Bu qəribədir. Top “Əl-Hilal”ın oyunçusunun əlinə dəydikdə, heç kim bu barədə danışmadı. Rəqibimiz ikinci qolu vurmazdan əvvəl Ronaldoya qarşı kobudluq olub. Futbol o qədər inkişaf edib ki, ondan istədiyinizi etmək üçün istifadə edə bilərsiniz?
Oyun zamanı yan xətt hakimi tərəfindən qeydə alınmış oyundankənar vəziyyətləri, o cümlədən Ronaldonun qolunu müzakirə etməyəcəyəm, çünki belə məqamları izləməyə imkan verən yeni texnologiyalar var.
Bununla belə, oyunda VAR-ın işini izləmək üçün bu gün başqa VAR otağına ehtiyacımız vardı”, deyə Kastro bildirib.


