Rüfət Dadaşov het-trik etdi, “Dinamo” darmadağına sevindi – Video

Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniyanın “Dinamo” (Berlin) komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası Almaniyanın Şimal-Şərq Regional Liqasının 9-cu turu çərçivəsində Leypsiq “Kemnitser”lə qarşılaşıb.

“Dinamo” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası meydanı qələbə ilə tərk edib – 4:0.

Rüfət bu oyuna start heyətdə başlayıb və 80-ci dəqiqədə əvəzlənib. Komandasının dörd qolundan üçünü məhz Dadaşov vurub. 32 yaşlı hücumçu 6, 45+3 və 76-cı dəqiqələrdə fərqlənməklə bu mövsüm vurduğu qolların sayını 9-a çatdırıb.

Yeri gəlmişkən, Rüfət üçüncü qolu vurduqdan dərhal sonra zədə səbəbindən əvəzlənməsini istəyib. Onun bu zədəsinin nə dərəcədə ciddi olduğu müayinələrdən sonra müəyyənləşəcək.

9 turdan sonra 18 xala malik Berlin “Dinamo”su 18 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Rüfət Dadaşov “Dinamo”ya bu yay “Şalke”dən azad agent kimi ayrılaraq keçib. Azərbaycanlı hücumçu 2017/2018 mövsümündə məhz “Dinamo”nun uğurları üçün çalışıb. O, həmin vaxt Berlin təmsilçisində 29 oyuna 29 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə hücumçu 9 oyuna 9 qol vurub, 2 məhsuldar ötürmə edib.

Rüfət Azərbaycan milli komandasında da 24 oyuna çıxıb, 5 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: