“Əl-Nəsr”in və Portuqaliya yığmasının ulduz hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanında onun şərəfinə muzey açıldığını bildirib.
Arena.az Ronaldonun bu barədə məlumatını təqdim edir:
“Bu, mənim hekayəmdir. Madeyradan Səudiyyə Ərəbistanına qədər mənim xüsusi CR7 muzeyim indi Ər-Riyadda açılıb”, – Ronaldo özünün sosial şəbəkə hesabı üzərindən dərc edib.
Ronaldonun pərəstişkarları onun köynəkləri, şəxsi mükafatları və ayaqqabıları kimi şəxsi xatirə əşyalarının bu qəbildən müstəsna toplusunu öyrənib araşdıra bilərlər. Muzeydə həmçinin hücumçunun bir çox kubok və medallarının, o cümlədən beş “Qızıl top” mükafatının surətləri nümayiş etdirilir. Muzeydə Ronaldonun mum surəti də təqdim edilib.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Kristianonun ərəb klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 18 oyuna çıxıb, 18 qol vurub, 9 məhsuldar verib.
Ronaldo “Nəcd cəngavərləri” ilə Ərəb Klub Çempionlar Kubokunu (2023) qazanıb və Səudiyyə Ərəbistanı Peşəkar Liqasının gümüş mükafatçısı (2022/2023) olub.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.
Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 38 yaşlı veteran futbolçunu 15 milyon avro məbləğində qiymətləndirir.


