Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” klubuna keçib.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə 29 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalandığı diqqətə çatdırılıb. Şahruddinin “Qarabağ”la 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var idi. Lakin onun Adana klubuna azad agent statusunda keçdiyi bildirilir.
Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ilin yanvar ayından “Qarabağ”ın formasını geyinirdi. Təcrübəli qolkiper Ağdam təmsilçisinin heyətində bütövlükdə 131 oyuna çıxıb, 92 qol buraxıb. Onun hesabında 66 “quru” matç da var.
Şahruddinin ötən mövsümün gedişində və bu mövsümün əvvəlində buraxdığı kobud səhvlər azarkeşlər arasında ciddi narazılıqlara səbəb olmuşdu. Bu üzdən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da ciddi tənqid olunurdu. Bu yay nəhayət, Rusiya yığmasının qapıçısı Andrey Lunyovu transfer edən Ağdam klubu Məhəmmədəliyevlə vidalaşmağa qərar verib. Bu üzdən də o, Türkiyə klubuna azad agent kimi buraxılıb.
“Şah” daha öncə “Sumqayıt”da da oynayıb – 34 oyun, 50 buraxılan qol və 7 “quru” matç. O, Azərbaycan milli komandasında da 20 oyun keçirib.


